Adler Kouçinq Məktəbinin təqdimatı keçirilmişdir.

12.11.16 tarixində ALPHA Coaching & Consulting şirkətinin təşkilatçılığı ilə Badamdar Hoteldə Azərbaycanda Adler Kouçinq məktəbinin təqdimatı keçirilmişdir. Tədbirin aparıcısı tanınmış jurnalist Vüsalə Məmmədova olmuşdur. Tədbirdə şirkətimizin İcraçı direktoru Fidan Əzimli giriş nitqi ilə çıxış etmiş, daha sonra isə Adler International Central Europe şirkətinin rəhbəri Ayşe Coral və bu şirkətin biznesin inkişafı üzrə müşaviri Işıl Yazıçı Adler Kouçinq Modeli barədə maraqlı təqdimat etmişlər.

Qeyd edək ki, peşəkar kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Adler International Learning ilə Azərbaycanda kouçinq və təlim xidmətləri verən ALPHA Coaching & Consulting şirkəti arasında prinsipial partnyorluq razılığı əldə olunmuşdur. Sazişə əsasən, Amerika və Avropa ölkələrində 500-dən çox şirkətə və 5000-ə yaxın idarəçiyə xidmət göstərmiş Adler International yaxın zamanlarda Azərbaycanda yeganə təmsilçisi olan ALPHA Coaching & Consulting şirkətinin vasitəsi ilə öz xidmətlərini təqdim edəcəkdir.

Adler kouçinq modeli həm adını, həm də əsas prinsiplərini “kouçinqin atası” sayılan avstriyalı  həkim və psixoterapevt  Alfred Adlerin psixologiya çalışmalarından almışdır. Alfred Adlerin fərdin duyğu və düşüncələrini onu cəmiyyətdən təcrid etmədən, ətraf mühit faktorlarını da nəzərə alaraq bütövlüyünü pozmadan ələ alan yanaşması müasir fərdi psixologiyanın əsaslarındandır. Hər insanın doğuşdan etibarən sahib olduğu güclü tərəfləri və topladığı təcrübələri ilə bənzərsiz  resurs olduğuna inanan bu yanaşma Adler kouçinq modelinin “fərqliliyə dəyər verən” və “bütövlüyün hissələrdən əhəmiyyətli olduğunu” xatırladan xarakterinin əsasını təşkil edir.