İşimiz – insan mühəndisliyidir. Məqsədimiz özünüdərkin artırılması istiqamətində insanlara bələdçilik etmək və onların öz potensial və güclü tərəflərini kəşf edərək davamlı inkişaf prosesinə daxil olmalarına dəstək olmaqdır.
Bakı Dövlət Universitetinin «Sosial elmlər və Psixologiya» fakültəsini bitirmişdir. 2010-cu ildə Rusiyanın АНО ДПО «Центр прикладной психофизиологии» institutunda ixtisasını artırmışdır.
İlk iş təcrübəsinə 1999-cu ildə BDU-nun psixologiya kafedrasının müəllimi vəzifəsində başlamışdır. Həmin universitetdə 14 il ərzində yaş, pedaqoji, sosial, hüquq və yaradıcılıq psixologiyası üzrə fənlər aparmışdır. Eyni zamanda fərqli illərdə Xarici Dillər Universitetində və Moskva Lomonosov Universitetində psixologiya fənni üzrə dərslər demişdir.
2008-ci ildən biznes təlimləri üzrə mütəxəssisdir. 2009-2016-cı illər arasında fərqli şirkətlərdə İR Departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
2016-cı ildə kouçinq üzrə Kanadanın Adler Coaching məktəbinin Beynəlxalq sertifikasiyasına nail olub. 2021-ci ildə Beynəlxalq Kouçinq Federasiyası tərəfindən Professional Certified Coach® və Mentor Coach, 2022-ci ildə Coaching and Mentoring Institute (CMI) tərəfindən akkreditasiyalı Team Coach, 2025-ci ildə isə yenidən Beynəlxalq Kouçinq Federasiyası tərəfindən Advanced Certification in Team Coaching™ peşəkar dərəcələrini qazanmışdır.
2022-ci ildən Pluribus Global (Belçika mərkəzli) təşkilatının beynəlxalq kouçudur.
Kouçinq apardığı və təlim verdiyi şirkət və təşkilatlar arasında SOCAR, İqtisadiyyat Nazirliyi, Bakcell, Azercell, Azərsun, Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Kapital Bank, Nobel Oil, UNICEF, İTECA, Azintelecom, SOS Uşaq Kəndləri, ASAN Xidmət, DOST agentliyi və s. qeyd etmək mümkündür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 iyul 2019-cu il tarixində təsis olunan «Yüksəliş» müsabiqəsinin Baş qiymətləndirici eksperti qismində fəaliyyət göstərir.
İstanbul Universitetinin Politologiya fakültəsindən məzun olmuşdur. Dövlət və özəl sektorda 25 illik peşəkar təcrübəyə malikdir. Əsas fəaliyyət sahələrindən biri biznes təlimləridir. Ölkəmizin bir sıra şirkət və təşkilatlarının rəhbər heyətlərinə liderlik, idarəçilik, emosional intellekt və s. mövzularda çoxsaylı təlimlər keçib.
2016-cı ildən ALPHA Coaching & Consulting şirkətinin idarəedici partnyoru kimi fəaliyyət göstərən Elçin Əzimli ölkəmizin ilk beynəlxalq sertifikatlı kouçlarındandır.
O, Kanadanın Adler Kouçinq Məktəbini bitirib. Beynəlxalq Kouçinq Federasiyası tərəfindən Professional Certified Coach®, Mentor Coach və Advanced Certification in Team Coaching™, Avropa Mentorinq və Kouçinq Şurası tərəfindən isə Senior Practitioner peşəkar dərəcələri ilə təltif olunub.
Liderlik bacarıqları üzrə peşəkar qiymətləndiricidir. Qlobal qiymətləndirmə sistemləri bazarının liderlərindən olan Harrison Assessments Int'l şirkətinin Azərbaycan üzrə rəsmi konsultant-partnyoru olmaqla yanaşı, bu təşkilatın Debriefing & Coaching Accreditation dərəcəsinə sahibdir.
Emosional intellekt üzrə mütəxəssisdir. Daniel Goleman İnstitutunun Emosional İntellekt proqramının məzunudur. Bundan əlavə, Eİ üzrə dünyanın tanınmış qurumlarından sayılan Six Seconds təşkilatının xüsusi təlim proqramında iştirak etmiş və Certified EQ Assessor dərəcəsini qazanmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 iyul 2019-cu il tarixində təsis olunan «Yüksəliş» müsabiqəsinin Baş qiymətləndirici eksperti qismində fəaliyyət göstərir.
Yazıçılıq fəaliyyəti ilə də məşğul olan Elçin Əzimlinin «Dan ulduzu» adlı ilk romanı 2019-cu ildə, «Çağrı» adlı ikinci romanı isə 2023-cü ildə TEAS Press tərəfindən nəşr olunub. Hər iki kitab dəfələrlə ölkəmizdə ən çox satılan kitabların siyahısına düşməyi bacarıb. “Lalələr qızaranda” adlı yeni romanının nəşri 2026-cı ilin sonuna doğru planlaşdırılır.